İsrail ordusunun xüsusilə cənub bölgələrində intensiv hava hücumlarının davam etdiyi Livanda 2006-cı ildən bu yana ən böyük köç başlayıb.
Bu barədə Oxu.Az NTV.com.tr-yə istinadən xəbər verir.
Məlumata görə, livanlılar daha təhlükəsiz hesab etdikləri ərazilərə çatmağa cəhd edirlər.
İsrailin zərbələri Livanın cənubunda Sur və Nəbatiyə şəhərləri başda olmaqla, bir çox qəsəbə və kəndi hədəf alıb. Bu hücumlar cənubdan-şimala Tripoliyə qədər uzanan geniş coğrafiyada və 2006-cı ildə İsrailin hücumlarından sonra Livanın gördüyü ən böyük köç dalğalarından birinin yaşanmasına səbəb olub.
Minlərlə livanlı nisbətən daha təhlükəsiz hesab etdikləri Sidona, oradan da şimalda paytaxt Beyruta və Tripoliyə səfər edir.
Şərqdəki Bekaa və Baalbek şəhərlərindəki bir çox ailə də öz bölgələrində daha təhlükəsiz olduğuna inandıqları yerlərə və ya şimalda Akkar istiqamətində hərəkət edir.
Bəzi ailələr isə Suriyaya getməyə üstünlük verib. Livan KİV-in məlumatına görə, Suriya ilə quru sərhəd qapısında intensiv şəkildə miqrasiya fəallığı müşahidə olunur.
İsrail Ordusunun sözçüsü Aviçay Adraee sosial media hesabından verdiyi açıqlamada İsrailin hücumları səbəbindən Livanın cənub bölgələrindən köç etmək məcburiyyətində qalanlara xəbərdarlıq edib.
"İsrail ordusunun hücumları davam edir. Təhlükəsizliyiniz üçün növbəti xəbərdarlığa qədər evlərinizə qayıtmayın", - deyə o bildirib.
Rəylər