Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Malayziyada corab üzərindəki yazı qalmaqal yaratdı, kral işə qarışdı - FOTO
Malayziya kralı İbrahim İsmayıl mağazalardan birində satışda üzərində “Allah” yazılmış bir neçə cüt corab aşkar edildikdən sonra həmin marketlər şəbəkəsini qınayıb və məsələni araşdırmağa çağırıb.
“Bunun qəsdən edilib-edilməməsindən, məhsulun xaricdən gətirilməsindən və ya yerli fabrikdə istehsal olunmasından asılı olmayaraq, mən hüquq-mühafizə orqanlarının araşdırma aparmasını və mövcud qanunlara uyğun ciddi tədbirlər görməsini istəyirəm”, - deyə kral “Facebook” sosial şəbəkəsində yazıb.
O, şirkətin bu cür məsələlərə həssas yanaşmamasını absurd adlandırıb.
“Biz uzun müddət plüralist ölkədə yaşayırıq. Dini və irqi mövzularda bu cür səhvlərə yol verilə bilməz”, - Əlahəzrət bildirib.
Qeyd edək ki, yerli “KK Super Mart” şəbəkəsinin mağazalarından birində üzərində “Allah” yazısı olan corablar satılıb. Corabların fotoları sosial mediada yayıldıqdan sonra bu, ictimaiyyətin qəzəbinə səbəb olub.
Bəzi müsəlmanlar, xüsusən də corabların satışı Ramazan ayında baş verdiyi üçün, hadisəni təhqiramiz hesab ediblər,
“KK Super Mart” ölkə sakinlərindən və bütün müsəlmanlardan üzr istəyib.
“Biz bu məsələyə ciddi yanaşırıq. Sözügedən corabların satışının dayandırılması üçün dərhal tədbirlər görülüb”, - deyə şirkətdən bildirilib. Həmçinin vurğulanıb ki, mağazada bu corablardan cəmi beş cüt olub.
Mənbə: rbc.ru
Rəylər