Rusiyada altı yaşlı uşağı avtomobillə vuraraq hadisə yerini tərk edən deputat məhkəmə qərarı ilə 11 sutka həbs edilib.
Bu barədə Vilayət Prokurorluğunun mətbuat xidməti xəbər yayıb.
Ölkənin hakim “Vahid Rusiya” partiyasının Tatar Rayon Şurasının 67 yaşlı deputatı Sergey Mamontov inzibati xəta törətməkdə təqsirli olduğunu etiraf edib.
10:16
Rusiyanın hakim “Vahid Rusiya” Partiyasından olan deputat Sergey Mamontov idarə etdiyi avtomobillə azyaşlını vurub.
Hadisənin görüntüsü ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Kadrlarda aydın görünür ki, Tatar Rayon Şurasının deputatı S. Mamontov idarə etdiyi avtomobillə azyaşlının üzərindən keçir, daha sonra avtomobildən düşərək bir müddət uşağın vəziyyətini müşahidə edir və heç nə olmayıbmış kimi sükan arxasına əyləşərək ərazidən uzaqlaşır.
Hadisə şahidləri insidentlə bağlı polisə və təcili tibbi yardım xidmətinə xəbər veriblər.
Azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Rusiya Daxili İşlər Nazirliyinin Novosibirsk vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, avtomobil axtarışa verilib.
Bir müddət sonra deputat Sergey Mamontov özü polis idarəsinə yaxınlaşaraq hadisəni törətdiyini etiraf edib.
Artıq 67 yaşlı deputat “Vahid Rusiya” Partiyasından xaric edilib. Onun uşağı köməksiz vəziyyətdə qoyaraq hadisə yerini tərk etdiyinə görə deputatlıq səlahiyyətlərinin də əlindən alınacağı istisna edilmir.
Mənbə: Kommersant