Çeçenistan prezidenti Ramzan Kadırov və Rusiya baş naziri Dmitri Medvedev ölkə prezidenti Vladimir Putinin portreti fonunda “selfie” çəkdiriblər. Sonra rəsmilər bu fotonu İnstagram sosial şəbəkəsində yerləşdiriblər.
Oxu.Az xəbər verir ki, foto Nalçikdə Şimali Qafqaz federal vilayətinin inkişafı üzrə Hökumət komissiyasının iclasından sonra çəkilib.
“Biz Dmitri Anatoliviçlə birgə dünyanın ən nüfuzlu insanı, Rusiyanın milli lideri Vladimir Putinin portretinin fonunda “selfie” çəkdirdik”, - Kadırov qeyd edib.
Çeçenistanın rəhbəri Dmitri Medvedevə regionlara göstərilən yardım və dəstək üçün təşəkkür edib. “Rusiya iqtisadiyyatı qarşısında dünyada yaranan vəziyyətlə əlaqədar yeni məsələlərin durduğu zaman bu, çox vacibdir”, - yazıb.
Ramzan Kadırov və Dmitri Medvedev fəal internet istifadəçiləridir.
Kadırovun İnstagram-da yarım milyon abunəçisi və təxminən dörd min ismarıcı var.
Medvedevin İnstagram, Twitter, Facebook və “ВКонтакте” hesabı var. 2008-ci ildən prezident saytında video-bloq açıb, 2009-cu ildə isə Livejournal-da qeydiyyatdan keçib.
