İtaliyada polislər oktyabrın 17-18-də Milanda baş verən iğtişaşlarda iştirak edən və hadisələrin ən kiçik yaşlı iştirakçısı olan 11 yaşlı oğlanın kimliyini müəyyənləşdiriblər.
Oxu.Az "Corriere della Sera"ya istinadən xəbər verir ki, tünd geyimdə olan və üzünü gizlədən uşağın görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.
Kadrlardan birində o, oğurladığı əşyalarla geyim mağazasından çıxır, digərində isə yanan zibil qabının yanında görünür.
Polislər oğlanın kimliyini onun təhsil aldığı məktəbdə müəyyən ediblər. O, orta məktəbin ikinci sinfində oxuyur ki, bu da Azərbaycandakı altıncı sinfə uyğun gəlir. Uşaq İtaliya vətəndaşıdır və Milanın cənubunda yaşayır.
Oğlanın hələ 14 yaşı tamam olmadığı üçün İtaliya qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi mümkün deyil. Bununla belə, hüquq-mühafizə orqanları onunla bağlı məlumatları yetkinlik yaşına çatmayanlarla iş üzrə prokurorluğa və sosial xidmətlərə göndərə bilərlər.
Qeyd edək ki, oktyabrın 17-18-də İtaliyanın bir neçə şəhərində etiraz aksiyaları keçirilib. Ən böyük iğtişaşlar Milanda baş verib. Aksiyalar zamanı 300-dən çox şəxs saxlanılıb, onlardan təxminən 50-si həbs edilib. Şəhər mərkəzində baş verən toqquşmalar nəticəsində 110-dan çox hüquq-mühafizə əməkdaşı tibbi yardım üçün müraciət edib.
İtaliya sosial şəbəkələrində qarşıdakı həftəsonu yeni etiraz aksiyalarının keçirilməsinə çağırışlar yayılır.