Moskva rəhbərliyi miqrantların cəlb edilməsi üzrə siyasət həyata keçirmir və bunu etməyə də hazırlaşmır, çünki təhlükəli bir tendensiyadır.
Oxu.Az xəbər verir ki, bu barədə “Kommersant-Vlast”a müsahibəsində Moskvanın meri Sergey Sobyanin bildirib.
“Miqrantların cəlb edilməsi üzrə siyasət aparmırıq: biz onların ailələrini dəvət etmir, onları burada yerləşdirməyə, işə düzəltməyə, uşaq bağçalarında miqrantlara yer ayırmağa çalışmırıq. Mən hesab edirəm ki, bunu etmək düzgün deyil” , - deyə, mer bildirib.
Onun sözlərinə görə, Moskvanın miqrantların cəlb edilməsinə ehtiyacı yoxdur, çünki illik artım 60-70 min nəfər təşkil edir. O həmçinin total inteqrasiyanın əleyhinə olduğunu bildirib.
“Kimisə inteqrasiya etmək lazımdırsa, o zaman dil, tarix baxımından daha uyğun bölgələrdən gələnlərə üstünlük verilməlidir. Onlar Ukrayna və Belorusdan olan insanlar ola bilərlər. Orta Asiyadan gələnləri isə uyğunlaşdırmaq çox çətindir. Onların əksəriyyəti, xüsusilə də gənclər rusca güclə danışırlar. Mən miqrantları burada yerləşdirməyə heç bir səbəb görmürəm” – deyə, Sobyanin bildirib.
Mer həmçinin hesab edir ki, viza rejiminin tətbiqinə ehtiyac var:
“Lakin mən yenə də anlayıram ki, belə tədbir MDB məkanını parçalayacaq və iqtisadi əlaqələri xeyli pozacaq. Bu, beynəlxalq siyasət, iqtisadiyyatla bağlı çətin qərarlardır. Geosiyası nizamın mənfi cəhətləri də var. Lakin buna baxmayaraq, Rusiyaya giriş-çıxışın sərtləşdirilməsi istiqamətində daha irəli getməyin zəruri olduğunu hesab edirəm”, - deyə, mer bildirib.