Rusiya istehlakçı nəzarəti idarəsi Moskvanın “McDonalds” restoranlarında çoxsaylı sanitar qanunvericiliyi pozuntuları aşkar edib, bu barədə idarənin saytında məlumat verilib.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, yoxlama nəticəsində “McDonalds” qida müəssisələrinin: “Moskva-McDonalds (Prospekt Svobodnı, ev 35B, Bolşaya Bronnaya küç, ev 29), “McDonalds” MMC (Mir prospekti, ev 97, Manej meydanı, ev 1, tikili 2)” fəaliyyətinin müvəqqəti dayandırılmasına qərar verilib”.
Şirkətin saytında isə öz növbəsində yalnız üç: Bolşaya Bronnaya, Mir prospekti və Manej meydanında yerləşən restoranların bağlanması haqqında məlumat verilib. “Biz, restoranların müştərilərə yenidən xidmət göstərməsi üçün lazımi tədbirləri həyata keçirmək məqsədilə irəli sürülən iddialara baxırıq”, - məlumatda deyilib.
İyulun sonunda Rusiya istehlakçı nəzarəti idarəsinin rəhbəri, baş sanitar həkim Anna Popova bütün “McDonalds” restoran şəbəkəsinin ərzaqlarının keyfiyyətinə irad bildirib. Bununla əlaqədar idarə Novqorod ərazisində yerləşən restoranların yoxlanmasına başlayıb, nəticədə inzibati xətaya dair 11 protokol tərtib edilib.
Daha öncə məlumat verilib ki, Rusiya istehlakçı nəzarəti texnoloji normaların pozulduğu üçün çizburger, royal çizburger, file-o-fiş, çikkenburger, giləmeyvəli dondurma və südlü kokteyllərin satışını qadağan edib.