Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan iş adamı və sabiq məmur Boris Avakyanın öldürülməsi versiyasını istisna edib.
Oxu.Az xəbər verir ki, Arsenyan bu barədə "Hraparak" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, meyiti Ermənistanın Sankt-Peterburqdakı konsulluğunda tapılan Avakyan qapısı bağlı olan tualetdə damarlarını kəsib.
Səfir əlavə edib ki, tualetin qapısı Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən açılıb: "Avakyan öz istəyi ilə konsulluğun binasına gəlib. Konsulluğa giriş sərbəstdir, konsulluğun binası bağlı deyil, hər kəs konsulluq xdmətləri almaqdan ötrü daxil ola bilər".
Xatırladaq ki, Rusiyada "Rosimuşestvo"nun (Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentlik) keçmiş məmuru Avakyan sentyabrın 23-də məhkəmə zalından qaçdıqdan sonra Vasilyevski adasındakı Ermənistanın Baş Konsulluğuna daxil olub və orada ölü tapılıb.
Rusiyada "Rosimuşestvo"nun (Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentlik) keçmiş məmuru Boris Avakyan sentyabrın 23-də məhkəmə zalından qaçdıqdan sonra Vasilyevski adasındakı Ermənistan Respublikası baş konsulluğuna girib və orada ölüb.
Oxu.Az bu barədə "Fontanka" nəşrinə istinadla xəbər verir.
İlkin məlumata əsasən, o, konsulluqda tualetə keçərək intihar edib. Hadisənin təfərrüatı araşdırılır.
Qeyd edək ki, Avakyan və daha 21 nəfərə qarşı iş 2024-cü ilin aprelindən baxılır. İş üzrə şübhəlilər mütəşəkkil qrup şəklində gömrük ödənişlərindən yayınmaqda ittiham olunurlar. Bu il avqustun 22-də Avakyan Ukrayna döyüşlərində iştirak etmək üçün müqavilə bağlayıb. Bununla əlaqədar cinayət işi dayandırılıb və o, həbsdən azad edilib. Lakin sentyabrın 17-də səhər yenidən saxlanılıb, döyüşə getməkdən yayınması səbəbindən iş yenidən açılıb.
Qeyd edək ki, Boris Avakyan, eyni zamanda, İrəvanda (Ermənistan) cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və sərhədin qanunsuz keçilməsinə görə axtarışdadır.
Boris Avakyan "Sankt-Peterburq" ticarət limanının ən böyük gömrük brokerinin keçmiş rəhbəri olub, 2010-cu ildən Leninqrad vilayəti üzrə "Rosimuşestvo" idarəsinin rəhbər müavini vəzifəsində çalışıb. 2014-cü ildə o, Sankt-Peterburqun torpaqdan istifadə və mühafizəsi üzrə dövlət müfəttişinin müavini, sonradan isə Dövlət Torpaq Nəzarəti şöbəsinin rəis müavini vəzifələrinə təyin edilib.