Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
NASA zondu öz rekordunu yenilədi: Günəşə ən yaxın məsafəyə çatdı
"Parker Solar Probe" planetlərarası stansiyası Günəş tacı vasitəsilə qravitasiya manevrini həyata keçirir. Zond Günəşə yaxınlaşmaq üzrə rekord qırıb və 27 dekabrda Yerlə əlaqə saxlamağa çalışacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsi (NASA) "X" hesabında məlumat verib.
"Parker hazırda qravitasiya manevri həyata keçirir və dekabrın 27-nə qədər bizimlə əlaqə saxlaya bilməz. Həmin gün o, bizə yaxşı olduğuna dair bir siqnal göndərəcək", - deyə paylaşımda bildirilib.
Məlumata görə, zond Günəşə 6.1 milyon km-lik rekord dərəcədə yaxın məsafədə olub. Bu, dekabrın 24-də Bakı vaxtı ilə saat 15:53-də baş verib. Cihaz dekabrın 20-də Avstraliyadakı NASA stansiyası ilə əlaqə saxlayıb, bütün sistemlər normal rejimdə işləyib.
Missiyanın direktoru Nik Pinkaynın sözlərinə görə, insan tərəfindən yaradılan heç bir obyekt Günəşə bu qədər yaxın gəlməyib, ona görə də zond elm adamlarına "naməlum ərazidən" məlumat əldə etməyə kömək edəcək.
Zond həmçinin insan tərəfindən hazırlanmış obyektlər üzrə yeni sürət rekordu da müəyyən edib. Qravitasiya manevri zamanı o, 692 min km/saat sürətlə hərəkət edir və bununla da 2023-cü ildə Venera ətrafında uçduğu zaman olan öz rekordunu yeniləyir. Günəş ətrafında manevri zamanı cihaz günəş tacı adlanan yerdən keçir ki, burada temperatur 982 dərəcə Selsiyə çata bilər.
Qeyd edək ki, "Parker Solar Probe" (PSP) missiyası 2018-ci ilin avqustunda kosmosa buraxılıb. 2021-ci ildə o, artıq Günəş ətrafında manevr edib və onun tacı haqqında yeni məlumatlar toplaya bilib. Gözlənilir ki, cihaz hazırda ulduz atmosferi haqqında topladığı məlumatları yanvarın sonunda Yerə ötürməyə başlayacaq.
Rəylər