Netflix striminq video xidməti yanvarın 6-dan etibarən Azərbaycanda öz xidmətlərini təqdim etməyə başlayıb.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Rid Hastinqs Las-Veqasda “Consumer Electronics Show” (CES) texnologiya sərgisində çıxışı zamanı məlumat verib.
“Netflix-dən istifadənin Azərbaycan, Vyetnam, Hindistan, Nigeriya, Polşa, Rusiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Cənubi Koreya, Türkiyə və İndoneziya sakinləri üçün də mümkün olduğunu xəbər verməyimə şadam”, - deyə Hastinqs qeyd edib.
O əlavə edib ki, xidmət yanvarın 6-da dünyanın 130 ölkəsində istifadəyə verilib.
Şirkətin Avropada kommunikasiyalar üzrə vitse-prezidenti Coris Evers bildirib ki, istifadəçilər saytın ingilisdilli interfeysindən yararlana biləcəklər.
“Biz ödənişləri bank kartları ilə qəbul edirik”, - deyə o “Sputnik” agentliyinə bildirib.
1997-ci ildə təsis olunan şirkət ABŞ, Latın Amerikası və Avropada (Danimarka, İrlandiya, Niderland, Almaniya, İsveç və s.) fəaliyyət göstərir. Şirkət həmçinin eksklüziv kontentin istehsalı ilə də məşğul olur, onların arasında – “Kartlardan ev” və “Narıncı – mövsümün hiti” serialları yer alır.