Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Nikol Paşinyan qapalı görüşdə tərəfdarları ilə mübahisə edib: “Payıza qədər vaxtımız var”
Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Vətəndaş sazişi” partiyasının qapalı iclasında bildirib ki, ölkəsi bu ilin payızından gec olmayaraq Avropa İttifaqına (Aİ) üzv olmaq üçün müraciət etməlidir.
Bu barədə Ermənistan mətbuatında qapalı görüşün təfərrüatına dair dərc edilən yazıda qeyd olunub.
Mənbə iddia edir ki, Nikol Paşinyan tərəfdarlarına açıq şəkildə bildirib ki, Qərb Ermənistandan Rusiyadan uzaqlaşmaq və onu regiondan sıxışdırıb çıxarmaq üçün əməli addımlar atmağı tələb edir.
Bununla belə, N.Paşinyanın komandasının əhəmiyyətli bir hissəsi Aİ-yə daxil olmaq məsələsində tələskənliyə yol verməyin əleyhinədir.
Yazıda iddia olunur ki, xüsusən də biznesmen deputatlar Xaçatur Sukiasyan və Qurgen Arsenyan Rusiyaya qarşı radikal tədbirlərin əleyhinə çıxış ediblər.
Erməni iş adamı Qurgen Arsenyan etirazını onunla əsaslandırıb ki, Ermənistan iqtisadiyyatı tamamilə Rusiya bazarı ilə bağlıdır və hətta Yuxarı Lars keçidinin müvəqqəti bağlanması Ermənistan iqtisadiyyatını iflic vəziyyətinə sala bilər.
N.Paşinyanın digər tərəfdarları isə hesab ediblər ki, Ermənistan artıq bu və ya digər şəkildə Aİ-yə doğru irəliləyir, KTMT ilə münasibətləri dondurur və Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya edib, bu səbəbdən də əlavə tələskənliyə zərurət yoxdur.
Mənbə iddia edir ki, səsləndirilən bütün açıqlamalara rəğmən, N.Paşinyan təkidlə vurğulayıb ki, tələsmək lazımdır və İrəvanın payıza qədər vaxtı var.
Mümkün təhdidlərə gəlincə, baş nazirin izahatı belə olub ki, artıq Rusiyadan heç bir ümid və ya gözlənti yoxdur, Qərb isə ən azı müəyyən qədər təhlükəsizlik zəmanəti vermək iqtidarındadır.
Nəşr yazır ki, yaxın vaxtlarda deputatlar vəziyyəti xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi və hökumətdəki digər səlahiyyətli şəxslərlə ayrıca müzakirə edə bilərlər.
Mənbə: Hraparak
Rəylər