“Novaya qazeta” xəbər verir ki, Rusiyada mövcud olan “güllələnmə siyahısı”na Nemtsovdan başqa, Aleksey Venediktov, Mixail Xodorkovskinin və ola bilər ki, Kseniya Sobçakın da adı daxildir.
Nəşr yazır ki, hələ keçən həftə Putinə, müxalifətçi Boris Nemtsovun qətlinə dair hüquq-mühafizə orqanlarına məlum olan hər şey bildirilmişdi.
“Nemtsovdan başqa, Aleksey Venediktov, Mixail Xodorkovski və Kseniya Sobçakın da adı daxil olan “güllələnmə siyahısı” mövcuddur. Bu isə o deməkdir ki, siyahıda olan hər fiqurant üzrə bir qrup deyil, çeçen killerlərin də qəbul edilmiş qayda üzrə, yəni bir növ tender kimi ən azı iki qrup işləyir”, - nəşr yazır.
Məqalənin müəllifinin sözlərinə görə, Rusiya prezidentinə icraçıların və qətlin təşkilatçısının adı da verilmişdi, bu isə heç də Dadayev deyil. Nemtsovun qətlinin “mayor Ruslan” tərəfindən təşkil olunduğu ehtimal edilir, Oxu.Az xəbər verir.
“Onun soyadı Putinə məlumdur, həmin şəxs artıq Qroznıda dindirilib, amma məlumatın mətbuata sızmasına imkan verilməyib. Ruslanın yaxın qohumunun orqanlarda yüksək vəzifəli şəxs olduğuna işarə edilib. Bu soyad bizə də məlumdur, günahsızlıq prezumpsiyasını nəzərə alaraq soyadı biz də səsləndirməyəcəyik. Ümumiyyətlə, soyad artıq onlarla DİN, FTB əməkdaşlarına məlumdur”, - materialda deyilir.
Rusiya nəşri Ruslanın vaxtı ilə “Şimal” batalyonunda xidmət etdiyini, eləcə də dəfələrlə mükafatlarla təltif edildiyini iddia edir. Qeyd edək ki, Nemtsovun qətlində Rusiya Federasiyası DİN Silahlı Qüvvələrinin “Şimal” batalyonunun keçmiş komandir müavini Zaur Dadayev və bu bölüyün keçmiş döyüşçüsü Beslan Şavanov şübhəli bilinir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov öz növbəsində “güllələnmə siyahısı”nın mövcudluğunu cəfəngiyat adlandırıb. Bu barədə “Exo Moskvı” bildirib.
O, hüquq-mühafizə və güc xidmətlərinin mühazirələrinin bütün detallarının məlum olmadığını qeyd edib.