Hazırda Ukraynada baş verənlər gözlənilən ən pis ssenaridir. Bu, tammiqyaslı müharibədir. Rusiya raket zərbəsi ilə başladı, sonra quru qoşunları bütün istiqamətlərdən Ukraynaya daxil oldu. Eyni zamanda, Belarus ordusu Rusiya silahlı qüvvələri ilə birlikdə hərəkət edir. Biz eyni anda iki ölkə ilə müharibə vəziyyətindəyik.
Bu barədə Oxu.Az -a hərbi ekspert, ehtiyatda olan polkovnik, Ukrayna Baş Qərargahının əməliyyat idarəsinin keçmiş zabiti Oleq Jdanov məlumat verib.
- Belə çıxır ki, Qərbin proqnozları, Ukraynanın hər tərəfdən işğalı barədə dərc olunmuş xəritələr saxta adlandırılsa da, doğru çıxdı?
- Bəli, belə çıxır. Bu günə qədər əvvəllər dərc edilmiş məlumatlar praktiki olaraq təsdiqlənir. Eyni zamanda, hər tərəfdən zərbə endirilir. Əsas zərbə, təbii ki, Donbasdadır. Rusiya Melitopol və Dneprədək əməliyyat məkanına daxil olmaq üçün Donetsk istiqamətində müdafiəmizi yarmağa çalışır. Qalan zərbələr diqqəti yayındırır, çox da əhəmiyyətli olmayan qüvvələr tərəfindən həyata keçirilir.
- Sizcə, bu işğalın məqsədi nədir?
- Siyasi komponentdən danışsaq, o zaman düşünürəm ki, sabah və ya o biri gün biz Vladimir Putindən növbəti ultimatum alacağıq. O, bizə “Minsk-3” təklif edəcək (söhbət Donbasla bağlı Minsk razılaşmalarının üçüncü variantından gedir – red.).
Hərbi nöqteyi-nəzərdən Rusiya qoşunları Donbasda müdafiəmizi yarsalar, Dneprə çata, Şimali Krım kanalını ələ keçirə və bununla da Krıma quru dəhlizindən keçə biləcəklər.
- Bəs Ukrayna şəhərlərində nə baş verir? Tankların Çerniqova yaxınlaşdığı və bu şəhərdən Kiyevə avtobusla cəmi bir saat yarım-iki saat məsafə olduğu barədə məlumatlar var idi ...
- Tank bölmələri Xarkova, Çerniqova, Lutska gedir. Jitomir, Çerniqov və Volın vilayətlərində rus və belarus qoşunlarının müdaxiləsi baş verir.
Hələlik Kiyevi heç nə təhdid etmir. Yeri gəlmişkən, Rusiya indi raket zərbələrini dayandırıb. Ukrayna Silahlı Qüvvələri də bir neçə pilotsuz təyyarəni vurub.
Kiyev vilayətində hərbi aerodrom, hərbi baza və Vışqorod yaxınlığındakı hərbi hissə vurulub. Amma biz qoşunlarımızı əvvəlcədən daimi dislokasiya məntəqələrindən çıxardıq. Kəşfiyyatımız bilirdi ki, belə olacaq, raket zərbələri olacaq. Buna görə də bölmələrimiz praktiki olaraq itki verməyib.
Nair Əliyev