Dünyanın ən iri konditer məmulatları istehsalçılarından biri olan “Nestle” Ukrayna prezidenti Petr Poroşenkoya məxsus Roshen konditer şirkətini 1 milyard dollara ala bilər.
Oxu.Az Ukrayna KİV-nə istinadla xəbər verir ki, bu barədə Bloomberg məlumat verib.
Agentliyin məlumatına görə, bu məbləğ Ukrayna şirkətinin rəhbərliyinin təklif etdiyi qiymətdən üçqat aşağıdır.
“Roshen sahibləri tərəfindən 3 milyard dollar məbləğində dəyərləndirilir. Lakin Ukrayna şirkətinə hər hansı bir maraq göstərən yeganə potensial alıcı “Nestle SA” şirkətidir və o da 1 milyard dollar ödəməyə hazırdır”, - Bloomberg qeyd edib.
“Nestle” məsələ ilə bağlı şərh verməyib.
“Danışıqlar davam edir, lakin burada tələbat pis deyil, çox pisdir”, - Poroşenkonun administrasiyasının rəhbəri Boris Lojkin deyib.
“İnvestorlar bura gəlmək istəmirlər”, - o əlavə edib.