Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenin onun ünvanına işlətdiyi sərt ifadələrə cavab verib.
TASS xəbər verir ki, o ABŞ liderinə can sağlığı diləyib:
“Mən ona deyərdim: Sağlam ol! Ona can sağlığı diləyirəm, bunu ironiyasız, zarafatsız deyirəm”.
Rusiya dövlət başçısı ABŞ-da çox sayda dürüst və layiqli insanın olduğunu, Rusiya Federasiyasının onlara etibar etdiyini bildirib.
Putin qeyd edib ki, ABŞ rəhbərliyi Rusiya Federasiyası ilə münasibətlərə yalnız Vaşinqtonun şərtləri ilə sadiqdir, Rusiya isə yalnız özü üçün əlverişli şərtlərlə işləyəcək.
“Uşaq vaxtı həyətdə bir-birimizlə mübahisə etdiyimiz zaman deyirdik ki, “başqasını necə adlandırsan, özün də eləsən”. Bu da təsadüfi deyil. Bu, sadəcə bir uşaq söyləməsi və zarafatı deyil. Mənası çox dərindir. Biz həmişə özümüzə xas xüsusiyyətləri başqa bir insanda görürük və onun da özümüz kimi olduğunu hesab edirik”, - Putin əlavə edib.
Xatırladaq ki, Bayden ABC telekanalına müsahibəsində Rusiya rəhbərliyinin ABŞ-dakı seçkilərə müdaxilə cəhdinə görə “cavab verməli olduğunu” deyib.
O, Putinin “qatil” olub-olmadığına dair suala müsbət cavab verib.
Rəylər