Oktyabrın 6-da Qazaxıstanın “Bank RBK”sı pərakəndə kreditləşdirmə, kassa xidməti və filialların əməliyyat bölmələri kimi sahələrdə işçilər üçün dörd günlük iş həftəsi tətbiq edib, maaşlar isə əvvəlki kimi saxlanılıb.
Gələcəkdə bankın digər bölmələrinin, o cümlədən də baş ofisinin əməkdaşlarını yeni iş qrafikinə keçirmək planlaşdırılır.
Oxu.Az Fobes.kz-yə istinadən xəbər verir ki, bu barədə bankın mətbuat xidməti məlumat yayıb.
“Bank RBK” SC-nin Direktorlar Şurası məsləhətçisi Jomart Yertayevin sözlərinə görə, həmin əməkdaşların iş rejimində göstərilən 5-ci, yaradıcı iş günü onların özünüinkişafına, ixtisas dərəcələrinin artırılması və psixoloji rahatlıq tapmalarına kömək edəcək.
“Bankın 32 saatlıq iş həftəsinə görə hansı qiyməti ödəyəcəyi sualı qaçılmazdır. Axı ştatın genişləndirilməsi və yaradılmış boş yerlərə əməkdaşların seçilməsi ilə yanaşı işçilər üçün əvvəlki maaş məbləğinin və digər rüsumların saxlanılması inzibati xərclərin artmasına gətirib çıxaracaq. Cavabım qısa olacaq – bu xərc yox, insan kapitalına sərmayə və bankın gələcək inkişafı deməkdir”, - deyə, J.Yertayev bildirib.