Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Qırğızıstan-Tacikistan sərhədində sərhədyanı rayonların sakinləri arasında münaqişə baş verdiyi barədə məlumat yayıb.
Məlumata görə, insident iyulun 24-də qeydə alınıb.
Bildirilib ki, “Daça” adlanan ərazidəki yolda Qırğızıstan və Tacikistan vətəndaşları arasında dava düşüb.
Hadisə yerinə Qırğızıstan Daxili İşlər Nazirliyinin ərazi bölməsinin əməkdaşı gəlib. Lakin bu zaman ona Tacikistan vətəndaşları, Xocai-Aalo kəndinin sakinləri hücum ediblər.
Qeyd olunur ki, gərginliyin artmasının qarşısını almaq üçün Qırğızıstan və Tacikistanın sərhəd nümayəndələri arasında danışıqlar aparılır. Qırğızıstanın Sərhəd Xidməti respublika vətəndaşlarını təşvişə düşməməyə və dövlət orqanlarından gələn bütün məlumatları dəqiqləşdirməyə çağırıb.
Xatırladaq ki, iyunun 23-də də Kovıqta qaz-kondensat yatağında dava düşüb. Buna səbəb yeməkxanada Qırğızıstan və Tacikistan vətəndaşları arasında mübahisə olub. Hadisədə 300-ə yaxın adam iştirak edib. Zərərçəkənlər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Mənbə: gazeta.ru