“Aprelin 5-də ABŞ-Aİ-Ermənistan formatında keçirilən görüşün yekunlarına əsasən, bir çox müşahidəçilər orada “qorxunc heç nə baş vermədiyi” qənaətinə gəliblər və narahatlıqların əbəs olduğunu bildiriblər. Bununla belə, nəticə var idi və bu, bəzi texniki xüsusiyyətlərdən daha ciddidir”.
Bunu Oxu.Az-a açıqlamasında Rusiyanın tanınmış beynəlxalq məsələlər üzrə eksperti Qriqori Trofimçuk deyib. Onun fikrincə, İrəvan nəhayət Rusiyadan uzaq, Qərbə doğru açıq addım atıb:
- Paşinyan uzun müddətdir ki, belə bir addıma və müvafiq olaraq belə görüşə hazırlaşır, ardıcıl olaraq ya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü dayandırdığını bəyan edir, ya da Rusiya sərhədçiləri ilə vidalaşırdı və s. Bu ardıcıllığı yüksək qiymətləndirən Avropa və ABŞ əvvəlki tərəddüdlərini bir kənara atıb Cənubi Qafqaz ölkələrinə, o cümlədən Rusiyaya Ermənistanı öz qanadları altına alacaqlarını nümayiş etdirmək qərarına gəliblər.
Qərbin Cənubi Qafqazda vəziyyəti tənzimləmək üçün siyasi alət olan təsir rıçaqlarına ehtiyacı var. Onun əsas plasdarmı kimi Gürcüstan isə pauza rejimindədir. Bundan əlavə, Ermənistanın hesabına İran və onun regional maraqları ilə bağlı hər şeyi daha “maraqlı” şəkildə tənzimləmək olar. Eyni zamanda, Türkiyə ilə güclü ittifaqını və Rusiya ilə optimal, balanslaşdırılmış münasibətləri nəzərə alsaq, Azərbaycan üçün dözülməz şərait yaratmaq kifayət qədər çətindir, amma cəhd etmək mümkündür.
Ona görə də Ermənistan Fransa Prezidenti Emmanuel Makron və onun dostları üçün “Sülh kəsişməsi” və ya buna bənzər ticari layihə kimi deyil, regional hərbi-siyasi rıçaq kimi vacibdir. Deməli, Paşinyana açıqlanan yardım məbləğinin hələlik heç bir əhəmiyyəti yoxdur (Aİ-dən dörd il üçün 270 milyon avro və ABŞ-dən 65 milyon dollar - red.), çünki onu istənilən vaxt nəhəng həcmə çatdırmaq olar.
Azərbaycan fakt qarşısında qoyulub - hətta bilərəkdən, nümayişkaranə, meydan oxuyaraq. Yəni əgər Ermənistanı vurmaq istəyirsinizsə, buyurun, lap elə indi cəhd edə bilərsiniz. Avropanın Cənubi Qafqazdan axan xammaldan kritik dərəcədə asılı olduğunu və guya gedəcək yeri olmadığını düşünmək lazım deyil. Son iki-üç ildə media sahəsində bir çox rusiyalı ekspertlərin köməyi ilə Avropa Birliyinin “zəifliyi” ilə bağlı yanlış qiymətləndirmə yaranıb. Bu belə deyil, özünüzü aldatmayın, çünki bu, Rusiya deyil, Avropadır. Siz də ABŞ-nin güman edilən “zəifliyinə” etibar etməməlisiniz.
- Ermənistanın növbəti addımı nə ola bilər? Avrasiya İqtisadi İttifaqından (Aİİ) və KTMT-dən çıxmaq?
- Avropa və ABŞ indi Paşinyanın Rusiyanın iştirakı ilə bütün əsas ittifaqlarda iştirakı ilə bağlı hərəkətlərini müşahidə edəcəklər. Onun sözləri ilə əməlləri üst-üstə düşəcəkmi? Əgər onlar fərqli olsa, Paşinyan üçün çətin günlər gələcək. Təkcə KTMT-də deyil (bu daha asandır), həm də Aİİ-də “hüquqlarını” müdafiə etməli olacaq.
İstənilən halda, Paşinyan faktiki olaraq hələ 2018-ci ildə, Nikol Vovaeviç küçədən hakimiyyətə gələndə Azərbaycan mediasına dediyimə nail olmaq istəyir. Söhbət Cənubi Qafqazda sabitliyin pozulmasından gedir.
Qarabağın (Azərbaycanın tərkibinə - red.) reinteqrasiyası İrəvana sanki fəaliyyətsiz Moskvaya üz turşutmaq və Rusiyanın himayəsindən çıxmaq imkanı verdi.
- Sizcə, regionda eskalasiya ehtimalı yüksəkdir?
- Hesab edirəm ki, eskalasiya olacaq və buna hazırlaşmaq lazımdır. Ancaq bu mərhələdə hər şey artıq o qədər də sadə və birmənalı görünməyəcək. Hər şey Azərbaycanın özünün addımlarından, çox şey isə Türkiyənin daxili siyasi perspektivindən asılı olacaq. Və bu mənada bəzi Ermənistan-Azərbaycan sənədlərinin (xüsusən də sülh müqaviləsinin) imzalanması praktikada çox az şeyi həll edir. Sərhəd istənilən halda “üzür”.
Paşinyanın özünün yeni siyasi “planka” yaratmağa qadir olub-olmaması onun qeyri-müəyyən şəxsiyyətinə görə böyük sualdır. Amma çalışır. Lakin onun Qərbə doğru atdığı addımlar, eləcə də Moskvanı kəskin tənqid etməsi son müharibədəki məğlubiyyətdən sonra ona Ermənistan cəmiyyətinin yeni, əlavə dəstəyi oldu.
Nair Əliyev
Rəylər