Yüngül atletika atam və anama yad deyil.
Oxu.Az xəbər verir ki, bu sözləri azərbaycanlı atlet Ramil Quliyev Belarusun “Sportpanorama” nəşrinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda yüngül atletika ilə məşğul olmaq üçün lazımi şərait olmayıb.
“Hər şey yaxşı olsaydı, biz heç Türkiyəyə getməzdik (gülümsəyir). Şərait çox pis idi. Məşq etdiyimiz manejdə isitmə sistemi yox idi.
Tavanı su buraxırdı, ona görə gölməçənin içində qaçmalı olurduq. Sonradan həmin bina tikintiyə bağlandı. Bu tikinti üç ilə yaxın davam etdi. Bu müddət ərzində stadionda məşq edirdik. Yağışda da, qarda da, küləkdə də”, - deyə atlet bildirib.
“Azərbaycanda inkişaf üçün perspektivlər niyə olmayıb? Düşünürəm ki, bu sualı daha çox Azərbaycanın Yüngül Atletika Federasiyasının başçısına vermək lazımdır.
Məşq etməyə yer tapa bilmədiyimizə görə vətəndaşlığı dəyişməyə qərar verdik. Təlim-məşq toplanışlarına getmək olmurdu, artıq perspektivlərin olmamasını qeyd etdim. Yəni sən nəyəsə nail olsan belə, bu, heç bir halda qeyd olunmayacaq.
Türkiyəni ona görə seçdim ki, mentalitetdə yaxınlıq var. Çox uzağa köçməyə ehtiyac yox idi. Türkiyədə tam fərqli münasibət gördüm. Sən idmanla məşğul olursansa və sənin istedadın varsa, bu istedadı inkişaf etdirməyin və uğura nail olmağın üçün hər cür şərait yaradılır.
Ədalət naminə deməliyəm ki, bu, təkcə idman üçün keçərli deyil. Müğənni, rəssamsansa, istedadlı və perspektivli olsan, sənə diqqət yetirəcəklər. Dövlət hər cür dəstək olacaq”, - deyə idmançı bildirib.