Kadırov vəhhabilərin moizələrinə heç kimin qulaq asmaması üçün internetin söndürülməsinə tərəfdar çıxıb. Onun sözlərinə görə, “bu, siyasi, iqtisadi və sosial planda böyük minusdur, amma biz bir-birimizi öldürməzdik”.
Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, Kadırov həmçinin, İD-i “şeytan yığıncağı” adlandırıb; o, ölkədən İD tərəfindən döyüşə gedəcək hər kəsi öldürməyi vəd edir, və gənclərin düzgün tərbiyəsini çətinləşdirən internetin söndürülməsinə tərəfdar çıxıb.
“Əvvəl işləmək daha rahat idi, moizəni insanlar oxuyurdu. İndi isə internet var və gənclər moizələri oradan dinləməyi sevir. Vaxt var idi ki, ölkəmizdə internetin işlməsini arzu edirdim, indi isə onun söndürülməsini istəyirəm”, - Kadırov bəyan edib.
Onun sözlərinə görə, “istənilən evdə internet var. Hər kəs istənilən an hansısa vəhhabinin moizəsini dinləyə bilər. Hətta evdə mənim uşağım belə hansısa bir moizəyə rast gələ bilər. Buna görə də bizim imamlarımız sosial şəbəkələrdə də işləyirlər”, - respublika başçısı bildirib.
O, İD-i İslam dövləti adlandırmamağı xahiş edib. “Bu, şeytan yığıncağıdır, məqsədləri mümkün qədər çox pul qazanmaqdır. Onlar Qərb və Avropanın sərəncamlarını yerinə yetirərək, məqsədyönlü şəkildə müsəlmanları məhv etməklə məşğul olurlar”, - Kadırov qeyd edib.