"Rəsmi Vaşinqton potensial sazişin imzalanması üçün stimul kimi İranın aktivlərinin dondurulması qərarını və ya sanksiyaları ləğv etməyi planlaşdırmır".
Oxu.Az "Kommersant"a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio deyib.
Konqresin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı Rubio qeyd edib ki, hər şey şərtlərdən asılı olacaq:
"Bu o deməkdir ki, saziş imzalamaq üçün heç bir bonus, xoşməramlı jest olmayacaq", - deyə dövlət katibi bildirib.
O, həmçinin vurğulayıb ki, Ağ Ev təzyiqin ehtimal olunan yumşaldılması çərçivəsində yalnız İranın nüvə proqramı ilə birbaşa əlaqəli olan sanksiyalara baxılacaq. Dövlət katibi əlavə edib ki, əgər regiondakı proksi qrupların dəstəklənməsi üçün istifadə riski olarsa, dondurulmuş aktivlər Tehrana qaytarılmayacaq.
"Bloomberg" agentliyinin məlumatına əsasən, son səkkiz il ərzində ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyaların sayı təxminən iki minə çatıb. Bu məhdudiyyətlər neft və gəmiçilik şirkətləri, valyuta birjaları və vasitəçilər də daxil olmaqla, müxtəlif sahələri əhatə edir. İran üzrə sabiq elçi müavini və Dövlət Departamentində sanksiya siyasəti üzrə koordinator Riçard Nefyu bildirib ki, Birləşmiş Ştatlar İrana qarşı sanksiya təzyiqində ən son həddə çatıb.