"Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlardakı əsas mübahisəli məqam Donetsk vilayətinin rəsmi Kiyevin nəzarəti altında qalmış 20 faiz ərazisidir".
Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News" telekanalına açıqlamasında deyib.
"Tərəflərin indi əsas mübahisə mənbəyi, təxminən, 30-50 kilometrlik məkan və Donetsk vilayətinin hazırda Kiyevin nəzarətində olan 20 faiz ərazisi ilə bağlıdır.
Biz müəyyənləşdirməyə çalışdıq və düşünürəm ki, ukraynalılara gələcək üçün təhlükəsizlik təminatı verəcək, onların razılaşa biləcəkləri bir irəliləyişə nail olduq", - o bildirib.
Xatırladaq ki, dekabrın 2-də Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffu və sahibkar Cared Kuşneri qəbul edib. Görüşdə əsas müzakirə mövzusu Ukrayna münaqişəsinin nizamlanması olub.