Avqustun 8-nə keçən gecə Rusiyanın Kiyev vilayətinə endirilən zərbələri nəticəsində biri azyaşlı olmaqla üç nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Unian" Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin açıqlamasına istinadən məlumat yayıb.
Bildirilir ki, Brovarı rayonunun Puxovka kəndində həyata keçirilən hücum ikimərtəbəli fərdi yaşayış evində yanğına səbəb olub. Hadisə nəticəsində həmin ev, iki çardaq və iki minik maşını tamamilə yanıb.
"Təəssüf ki, 2022-ci il təvəllüdlü bir uşaq da daxil olmaqla üç nəfər həlak olub. Bundan əlavə, üç nəfər yaralanıb", - deyə məlumatda qeyd olunub.
Bununla yanaşı, Puxovka kəndində yerləşən sənaye müəssisəsinin ərazisində də Rusiyanın atəşi nəticəsində anbar binasında yanğın baş verib. Xilasetmə qrupları hadisə yerlərində fəaliyyətlərini davam etdirirlər.
Rusiya ordusunun hücumu nəticəsində "Delta Plus" fərdi mühafizə vasitələrinin ən böyük anbarı da məhv edilib. Şirkətin öz fəaliyyətini nə vaxt bərpa edəcəyi hələlik bəlli olmasa da, yenidən bazara qayıdacaqları bildirilib. Rusiya qüvvələri "Ukrnafta" obyektlərinə kütləvi zərbələr endiriblər. Nəticədə şirkətin fəaliyyəti üçün həyati əhəmiyyət daşıyan avadanlıqlar sıradan çıxıb ki, bu da bir neçə obyektin işinin dayanmasına və hasilatın əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
"Qış ərəfəsində infrastrukturumuza maksimum zərər vurmaq məqsədilə Rusiya Ukraynanın neft və qaz hasilatı sektorunu mütəmadi olaraq atəşə tutur. Bu gecə "Ukrnafta" obyektlərinə son dövrlərin ən şiddətli hücumu qeydə alınıb. Xoşbəxtlikdən, ölən və yaralanan yoxdur", - deyə "Naftoqaz" idarə heyəti sədrinin əvəzedicisi Sergey Fedorenko məlumat verib.