Rusiya hərbçiləri "İsgəndər" raket sistemlərini optik və radiolokasiya başlıqlarla təchiz edərək modernləşdiriblər. Raketlər hədəfə yaxınlaşarkən son saniyələrdə yüksək dəqiqliklə zərbələr endirmək imkanına malikdirlər.
Oxu.Az-ın "Teleqraf" nəşrinə istinadən xəbərinə görə, ukraynalı rəsmilər bunu Rusiyanın Ukraynanı ikiyə bölməyə yönəlmiş strategiyanın bir hissəsi hesab edirlər.
Ukrayna Prezidenti Ofisinin müşaviri Sergey Beskrestnovun sözlərinə görə, optik və radiolokasiya başlıqlardan Kiyevdə körpülərə endirilən son zərbələrdə istifadə olunub.
Ukraynalı rəsmilərdən digəri isə "Financial Times"a bildirib ki, Kremlin planına elektrik enerjisinin qərbdən şərqə ötürülməsi sisteminin məhv edilməsi daxildir və bu, milyonlarla insanın işıqsız qalması deməkdir.
Ehtimal olunur ki, optik və radiolokasiya özütuşlanan başlıqlar Rusiyanın ən yeni texnologiyasıdır. Onlar döyüş başlığı partlamamışdan bir neçə saniyə öncə ərazini skan edir. Bu, raketlərə Ukraynanın radioelektron mübarizə sistemlərini dəfetmə imkanı verir.
Hərbi strategiya və texnologiyalar üzrə professor Mauro Gilli hesab edir ki, bu yenilik Rusiyanın müharibənin əvvəlindən üzləşdiyi ən ciddi taktiki problemlərdən bəzilərinin həllinə kömək edə bilər.
"Globsec" analitik mərkəzinin elmi əməkdaşı Maksim Beznosyuk bildirir ki, Rusiya körpülərə getdikcə daha çox zərbələr endirir. Ukraynanın enerji sistemini Dnepr çayı boyunca iki hissəyə bölmək cəhdləri isə hələ ötən ilin dekabrında başlayıb.