Rusiya ötən gecə Ukraynanın Zaporojye vilayətində yaşayış evlərinə kütləvi raket zərbələri endirib.
Bu barədə Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir.
Məlumata görə, zərbələr nəticəsində bir nəfər həlak olub, 24 nəfər yaralanıb.
Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski bununla bağlı öz "Telegram" kanalında paylaşım edib.
"Təəssüf ki, indiyədək bir nəfərin öldüyü, onlarla insanın, o cümlədən uşaqların yaralandığı məlumdur. Yenə də yaşayış binası. Zərbədən Volın, Dneprovsk, Donetsk, Jitomir, Zaporojye, İvano-Frankovsk, Kiyev, Rovenski, Sumi, Xarkov, Xmelnitski, Çerkassı, Çernivtski, Çerniqov bölgələri zərər görüb. Çoxlu yanğınlar olub, əsasən, mülki infrastruktura ziyan dəyib: evlər, müəssisələr. Ruslar 540-a yaxın pilotsuz uçan aparat, səkkiz ballistik raket və 37 digər tipli raket atıblar.
Biz əvvəlki hücum hadisəsinə dünyanın reaksiyasını gördük. Amma indi Rusiya bir daha sözlərə əhəmiyyət vermədiyini nümayiş etdirdiyi zaman biz real addımlar gözləyirik. Aydındır ki, Moskva liderlər səviyyəsində görüş hazırlamaq üçün ayrılan vaxtdan yeni kütləvi zərbələr hazırlamaq üçün istifadə edib. Diplomatiya üçün fürsət pəncərəsini yenidən açmağın yeganə yolu Rusiya ordusuna pul köçürən hər kəsə qarşı sərt tariflər və Moskvanın özünə qarşı effektiv sanksiyalardır - bank və enerji sahəsində. Bu müharibə siyasi bəyanatlarla bitməyəcək - real addımlar lazımdır. ABŞ-dən, Avropadan və bütün dünyadan hərəkət gözləyirik", - deyə Zelenski paylaşımda bildirib.