Rəsmi Moskva Rusiyada “Deutsche Welle” (DW) teleradio şirkətinin peyk və digər platformalardakı yayımını dayandırır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir. Bu və digər addımların Almaniyada “Russian Today” şirkətinin yayımının faktiki olaraq qadağan edilməsinə cavab olaraq atıldığı bildirilir.
“Reaksiya tədbirlərinin birinci mərhələsi çərçivəsində Rusiya tərəfi “Deutsche Welle” teleradio şirkətinin Rusiya Federasiyası ərazisində peyk və digər platformalardakı yayımının dayandırılmasını həyata keçirmək niyyətindədir”, - diplomatik qurumdan bildirilib.
Həmçinin, XİN-in bəyanatına əsasən, ölkədəki DW müxbir ofisi bağlanacaq, Almaniya teleradio şirkətinin Rusiya bürosunun bütün əməkdaşlarının akkreditasiyası ləğv ediləcək.
Bununla yanaşı, Almaniyada “Russian Today” şirkətinin yayımının məhdudlaşdırılmasında iştirak edən dövlət və ictimai strukturların nümayəndələrinin siyahısı tərtib edilərək onların Rusiya Federasiyasının ərazisinə girişi qadağan ediləcək.
Mənbə: TASS