Rusiyada lisenziyasız proqram təminatından istifadəyə görə cinayət və inzibati məsuliyyətin ləğvi imkanları müzakirə edilir. Qərbin sanksiyalarının tətbiqindən sonra hökumət bu barədə düşünməyə başlayıb.
Bu barədə “Kommersant” müvafiq sənədə istinadən xəbər verir.
Bildirilir ki, yeni layihə “Xarici sanksiyalar təzyiqi şəraitində Rusiya iqtisadiyyatının inkişafını təmin etmək üçün prioritet Fəaliyyət Planı” adlanır.
Sənəddən belə aydın olur ki, Rusiyada fövqəladə hallarda patent sahibinin razılığı olmadan patent proqram təminatından istifadə edilə bilər.
Nəşrin mənbələrinin məlumatına görə, bu sənədin hazırlanmasında müxtəlif şöbələr iştirak edib və artıq tədbirlərin bir hissəsinin icrasına başlanılıb.
RF Rəqəmsal İnkişaf Nazirliyində isə bildirilib ki, söhbət istənilən proqramdan deyil, yalnız hazırda Rusiya analoqu olmayan proqramlardan gedir.