Rusiyada məktəb dərsliklərində məşhur şair Aleksandr Puşkinin "Qış axşamı" şeirinə senzura qoyulub.
Oxu.Az-ın "Fontanka" nəşrinə istinadən xəbərinə görə, bu barədə oxuculardan biri məlumat verib.
Məlumata görə, şeir üçüncü sinif şagirdləri üçün "Ədəbi oxu" dərsliyində qısaldılmış versiyada təqdim olunur - şeirdən "Gəlin, kədərdən içək, fincan haradadır?" bəndi çıxarılıb.

"Şeiri tapşırmışdılar, amma dərsliyi maşında unutmuşduq. Puşkinin kolleksiyasından istifadə edərək şeiri öyrənməyə qərar verdik, amma bu ifadəyə çatanda oğlum bu bəndin dərslikdə olmadığını sübut etməyə başladı. Dərsliyi götürmək üçün maşına getdik və həqiqətən də yox idi. Puşkin indi əvvəlki kimi deyil", - deyə Vasilyevski adasının sakini bildirib.
Məktəb dərsliyində başlığın altında qeyd edilib ki, Puşkinin sətirləri qısaldılmış formada təqdim edilib. Şeir məhz Puşkinin dayəsinə "kədərdən içməyi" təklif etdiyi bənd hesabına qısaldılıb.
"Mənim kasıb gəncliyimin
Mehriban rəfiqəsi, gəl içək.
Kədərdən içək, fincan bəs haradadır?
Ürək daha şən olacaq", - deyə həmin bənddə yazılıb.

Bildirək ki, dərsliyin daha əvvəlki nəşrlərində şeir tam şəkildə çap olunurdu.
Aleksandr Puşkin "Qış axşamı" şeirini 1825-ci ildə yazıb. O zaman şair Pskov quberniyasındakı Mixaylovskoye ailə mülkündə sürgündə olub. Şair orada qış axşamlarını dayəsi Arina Rodionovna ilə birlikdə onun hekayələrini və mahnılarını dinləyərək keçirib. Puşkin şeirdə məhz ona müraciət edərək, kədəri dağıtmaq üçün kədərdən içməyi və mahnı oxumağı təklif edir.
"Qış axşamı" ilk dəfə 1829-cu ildə nəşr olunub.