Moskva yaxınlığında 18 nəfərin ölümü ilə nəticələnən yol-qəzası törədən “KamAZ” sürücüsu erməni Qraç Arutunyan tədqiqatçını məhkəməyə verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, məhkumun vəkili bu barədə məlumat verib. Ruben Markaryanı hiddətləndirən isə 18 nəfərin qatilinə çevrilən müştərisini müstəntiqin qadın xalatında məhkəməyə çıxarması olub.
Onun sözlərinə görə, məhkəmə qarşısına qadın xalatı və çimərlik ayaqqabısında çıxarılmaq qanun pozuntusudur. Q.Arutunyan qohumları ilə əlaqə saxlanılıb ona paltar gətirilməsini istəsə də, bu edilməyib.
Vəkil məhkəmənin xalat məsələsinə nöqtə qoymasına ümid etdiyini deyib.
Xatırladaq ki, iyul ayının 13-də Ermənistan vətəndaşının idarə etdiyi "KamAZ" markalı maşın yüksək sürətlə hərəkət edərək sərnişin avtobusuna çırpılıb. Zərbənin təsirindən avtobus ortadan bölünüb. Nəticədə 18 nəfər ölüb. Qraç Arutyunyan qəza baş verən an yük maşınından yola düşdüyü üçün sağ qala bilib.
46 yaşlı erməni bu qəzaya kimi 6 dəfə yol hərəkəti qaydalarını pozduğu üçün cəzalandırılıb.