Rusiyada Orta Uralda yolüstü “Qız qalası” kafesinin direktoru miqrasiya qanunvericiliyinin qaydalarını pozduğu üçün 240 min rubl cərimə edilib.
Oxu.Az xəbər verir ki, bu gün vilayət prokurorluğunun mətbuat xidmətindən “Novıy region”a bildiriblər ki, nəzarət idarəsinin əməkdaşları miqrasiya xidmətinin nümayəndələri ilə bərabər Yekaterinburq-Serov avtomobil yolunun 121-ci kilometrində “Qız qalası” yol servisi obyektində fəaliyyət göstərən “SAAS” MMC-nin fəaliyyətini yoxlayıblar.
Aydın olub ki, kafedə 8 Azərbaycan və Özbəkistan vətəndaşı qanunla nəzərdə tutulmuş iş üçün patent olmadan işləyirlər.
“Bundan başqa, faktiki olaraq təşkilatda 15 adam işləyir, onlarla əmək müqaviləsi bağlanmayıb. Yoxlamanın nəticələrinə görə prokurorluq cəmiyyətin direktoruna qanun pozuntularının aradan qaldırılmasına dair təqdimat çıxarıb”, - idarədə bildiriblər.
İş adamına qarşı iki inzibati iş açılıb, işlərin nəticəsinə əsasən günahkar şəxs 240 min rubl məbləğində cərimə edilib.