Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rusiyada qubernatorun bıçaqlanmasının təfərrüatı məlum olub - YENİLƏNİB + FOTO/VİDEO
Apatitıda sakinlərlə görüşdən sonra qarnından yaralanan Murmansk vilayətinin qubernatoru Andrey Çibis əməliyyat olunub.
Bu barədə Apatitı-Kirov Mərkəzi Şəhər Xəstəxanasının həkimi Yuri Şiryayev məlumat verib.
Onun sözlərinə görə, əməliyyat bir saatdan çox davam edib.
“Vəziyyəti ağırdır, reanimasiyadadır. Əslində bıçaq aortaya dəymədiyi üçün çox şanslıdır”, - deyə o, bildirib.
Yerli mediada Qubernatora Andrey Çibisə sui-qəsd cəhdi ilə bağlı yeni təfərrüat yayılıb. Bildirilir ki, məmur Mədəniyyət Sarayının binasını tərk edərək xidməti avtomobilinə yaxınlaşarkən cinayətkar qəflətən yaxınlıqda saxladığı “Toyota Corolla” markalı avtomobilindən yerə tullanıb və bıçaqla hücum edib. Mühafizənin reaksiya verməyə vaxtı olmayıb.
Hücum təxminən saat 22:20-də (Bakı vaxtı ilə 23:20-də - red.) baş verib. Qarın nahiyəsinə sürətli bıçaq zərbəsi endirdikdən sonra Bıdanov hadisə yerindən qaçmağa çalışsa da, təqib zamanı işçilərdən biri ona atəş açıb. Güllə onun sol baldır nahiyəsinə dəyib.
Həm Çibis, həm də Bıdanov Apatitı-Kirov xəstəxanasının təcili yardım otağına aparılıb, hər ikisi əməliyyat olunub.
O da məlum olub ki, Çibisi yaralayan Aleksandr Bıdanov şəxsi düşmənçilik zəminində ona hücum edib.
Müstəntiqlər Bıdanovla işlərini davam etdirirlər. Ona qarşı “xidməti vəzifəni yerinə yetirilməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb.
Cinayətkarı 20 ilə qədər həbs gözləyir.
Məlumata görə, Bıdanov əvvəllər sağlamlığa yüngül xəsarət yetirməkdə də təqsirli bilinib.
Mənbə: “Shot” “Telegram” kanalı
00:48
Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis Apatitı şəhərində keçirilən görüşdən sonra bıçaqlanıb. Region başçısı xəstəxanaya yerləşdirilib, hücum edən şəxs saxlanılıb.
Bu barədə region rəhbərinin mətbuat xidmətindən bildirilib.
“Silahlı hücum olub, nəticədə o, qarnından bıçaqlanıb. Hücum edən şəxs saxlanılıb”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, insident şəhər sakinləri ilə görüşdən sonra mədəniyyət mərkəzindən çıxarkən baş verib. Murmansk vilayətinin başçısı Apatit sakini 42 yaşlı Aleksandr B. tərəfindən hücuma məruz qalıb. O, həbs zamanı ayağından yaralanıb. Hücumun səbəbi isə “daxildən gələn səs” olub.
“İndi qubernator əməliyyat otağındadır”, - deyə əlavə edilib. Diqqətə çatdırılıb ki, qubernator huşunu itirməyib.
Mənbə: TASS