Sankt-Peterburqdan olan turistlərdən ibarət qrupun düşərgəsinə daş uçqununun düşməsi nəticəsində qrup rəhbəri həlak olub, iki turist xəsarət alıb.
Oxu.Az "SHOT" "Telegram" kanalına istinadən xəbər verir ki, altı nəfərdən ibarət qrup Kabardin-Balkar dağlarında, 2 200 metr yüksəklikdə yerləşən "20 il VLKSM" zirvəsi istiqamətində hərəkət edib.
Qrupa 48 yaşlı Andrey adlı təlimatçı rəhbərlik edib.
Avqustun 18-də saat 20 radələrində turistlər Tyutyunsu çayının yaxınlığında düşərgə salıblar. Bütün turistlər çadırlarda olduğu zaman daş uçqunu başlayıb. Qrup rəhbəri hadisə yerində həlak olub.
Turistlərdən 22 yaşlı Sofya və İvan xəsarət alıblar.
Faciədən dərhal sonra qrupun bir hissəsi xəsarət alanlarla birlikdə qalıb, digər hissəsi isə əlaqə yaratmaq üçün Uştulu dərəsində yerləşən qonaq evinə doğru hərəkət edib. Xilasedicilərin sözlərinə görə, düşərgə yamaclardan uzaqda yerləşib və təhlükəsiz görünüb.
Məlumata görə, həlak olan qrup rəhbəri fizika-riyaziyyat elmləri doktoru, Politexnik Universitetinin nəzdində fəaliyyət göstərən turizm klubunun üzvü olub. O, dağ idman turizmi üzrə təlimatçı kimi fəaliyyətə nisbətən yaxın vaxtlarda başlayıb.
Qeyd olunur ki, təcrübəli turistlər zirvə ərazisindəki marşrutun daimi daş uçqunları və hərəkətli töküntülər səbəbindən mürəkkəb olduğunu dəfələrlə bildiriblər. 2007-ci ildə həmin ərazidə Moskvadan olan turist də həlak olub. Əsas təhlükəni dağılmış qayalar və dik yamaclar təşkil edir ki, bu da aşağıya yuvarlanma riskini artırır.