“Baykonur” kosmodromundan bu gecə saat 01.42-də səmaya buraxılan “Proton-M” daşıyıcı raket “Ekspress-AM4R” rabitə peyki ilə birlikdə atmosferin qalın qatında parçalanaraq yanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İTAR-TASS-a Rusiya Federal Kosmik Agentliyinin nümayəndəsi bildirib.
“Raketin ayrı-ayrı xırda hissələri Yerə düşə bilər. Raketin hissələrinin düşə biləcəyi rayonlar müəyyənləşdirilir”, deyə mənbə bildirib.
Qəzanın səbəbləri müəyyənləşənədək “Baykonur” kosmodromundan “Proton-M” daşıyıcı raketlərin orbitə buraxılması dayandırılıb.
Qeyd edək ki, raketin düşməsi nəticəsində itirilən “Ekspress-AM4R” peykin dəyəri 1 mlrd rubl (200 mln avro) olub və Rusiyanın indiyədək istehsal etdiyi ən güclü rabitə peyklərindən biri olub.