Rusiyanın hava hücumundan müdafiə (HHM) qüvvələri Leninqrad vilayəti ərazisində Ukraynaya məxsus 146 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko məlumat yayıb.
Onun sözlərinə görə, ərazidə hərbi əməliyyatlar davam edir. Vilayətin hava məkanında PUA hücumu təhlükəsi elan olunub. Təhlükə səbəbindən mobil internetin sürətinin zəifləməsi ehtimalı var.
"İlkin məlumatlara görə, PUA hücumu nəticəsində Ust-Luqa liman zonasına zərbə endirilib və yanğın başlayıb. Müvafiq qüvvələr və vasitələr yanğının söndürülməsinə cəlb olunub", - deyə o bildirib.
Bununla yanaşı, Ust-Luqada transformator yarımstansiyasında qəza nəticəsində elektrik enerjisi kəsilib. Hadisənin təfərrüatı və fəsadları barədə məlumatlar dəqiqləşdirilir. Drozdenko, həmçinin əlavə edib ki, yanğın zamanı üç nəfər xəsarət alıb.
Eləcə də Ukrayna dronlarının Smolensk vilayətinə gecə hücumu nəticəsində iki nəfərin öldüyü bildirilir. Bu barədə regionun rəhbəri Vasili Anoxin məlumat verib:
"Yartsevo şəhərinə edilən hücum nəticəsində ölənlər var. Dron qalıqları çoxmərtəbəli binaya düşərək yanğına səbəb olub. İki nəfər həyatını itirib".
Anoxinin bildirdiyinə görə, Rusiya HHM sistemləri 37 pilotsuz aparatı zərərsizləşdirib. Yanğının söndürülməsi zamanı FHN əməkdaşları sakinləri təxliyə ediblər.