Suriya ərazisində Rusiyaya məxsus obyektlərin gələcək statusunun müəyyən edilməsi ilə bağlı iki ölkə arasında anlaşma memorandumu imzalanıb.
Oxu.Az bu barədə SANA agentliyinə istinadən xəbər verir.
"Rusiyanın Suriya ərazisindəki mövcudluğunun yenidən təşkili, o cümlədən mülki obyektlərin Suriya dövlətinin idarəçiliyinə verilməsi və Rusiya hərbi bazalarının birgə təlim mərkəzlərinə çevrilməsi haqqında qarşılıqlı anlaşma memorandumu imzalanıb", - deyə məlumatda bildirilir.
Bundan əlavə, Xmeymim aeroportu və Tartus limanının dördüncü kommersiya dəniz körpüsü də daxil olmaqla, mülki təyinatlı obyektlər Suriya hökumətinin idarəçiliyinə keçəcək. Onların tədricən ölkənin mülki infrastrukturuna inteqrasiya olunması planlaşdırılır.
Suriya Xarici İşlər Nazirliyindən bildirilib ki, keçid dövrü üç aydan çox çəkməyəcək. Qurum, həmçinin bu sazişi təxminən il yarım davam edən danışıqların ən mühüm nəticəsi adlandırıb və onun Moskva ilə Dəməşq arasındakı münasibətlərdə yeni mərhələ açdığını qeyd edib.