Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili hal-hazırda gürcü vətəndaşlığından imtina etmə prosesindədir.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu bəyanatla iyulun 20-də dövlət vilayət administrasiyasının mətbuat xidmətinin əməkdaşı Denis Samıgin çıxış edib.
“Mixeil Saakaşvili Gürcüstan vətəndaşlığından imtina etmə prosesindədir”, - Samıgin “Ukrainskaya pravda” nəşrinə bildirib. Ukrayna konstitusiyasında ikili vətəndaşlıq qadağandır.
Daha öncə “Meduza” nəşrinə müsahibədə Odessa vilayətinin qubernatorunun müavini Mariya Qaydar, Saakaşvilinin Gürcüstan vətəndaşlığından imtina etmədiyini bildirmişdi.
“Mixeil Saakaşvili burada - Ukraynada işləyərkən Gürcüstan vətəndaşlığından özü imtina etməyib. Onu bəlkə vətəndaşlıqdan məhrum etdilər, amma o, özü imtina etməyib. Mən də Rusiya vətəndaşlığından imtina etməyə hazırlaşmıram”. – Qaydar bəyan etmişdi.
Ukrayna prezidenti Pyotr Poroşenko may ayının 30-da Mixeil Saakaşvilinin Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilməsinə dair fərman imzalayıb. Bundan başqa, Gürcüstanın sabiq prezidenti Ukrayna vətəndaşlığı alıb.
E.Ə.
www.oxu.az