Sankt-Peterburqun Puşkin rayonunda avtomobilin partladılması nəticəsində həlak olan hərbçinin şəxsiyyəti müəyyənləşib. Məlumata görə, həyatını itirən şəxs əslən Ryazandan olan 43 yaşlı polkovnik-leytenant Sergey Seçkovdur.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Agentstvo.Novosti"yə hərbçinin atası verib. Ata oğlunun ölümü ilə bağlı verilən suala sadəcə olaraq "Partlatdılar" cavabını verməklə kifayətlənib. Bundan sonra mətbuat nümayəndələri Seçkovun ailə üzvləri ilə əlaqə yarada bilməyiblər.
Məlumata görə, Seçkov Rusiya Silahlı Qüvvələrinin aviasiyasında əsas bölmələrdən biri hesab edilən 332-ci əlahiddə qvardiyasında xidmət keçib.
Rusiya mediasında qeyd edilir ki, Seçkov həyatı üçün təhlükə olduğundan xəbərdar edib. O, "məhv ediləcəklər siyahısında" yer alması barədə komandanlığa məruzə edib və hər səfərdən öncə avtomobilini yoxlamağı vərdiş halına gətirib. Lakin görülən bu ehtiyat tədbirləri onu ölümdən xilas edə bilməyib. Zabit partlayışın baş verdiyi yerdən təqribən 100 metr aralıda yaşayırdı.
Partlayış zamanı həlak olan hərbçinin həyat yoldaşı Anna isə sağ qalsa da, ayaqlarından ciddi xəsarətlər alıb və reanimasiya şöbəsinə yerləşdirilib. Daha əvvəl kütləvi informasiya vasitələrində onun ayaqlarının qopması ilə bağlı xəbərlər yayılsa da, sonradan bu fakt təsdiqini tapmayıb. Hazırda, o, xəstəxana şəraitində müalicəsini davam etdirir.
Xatırladaq ki, baş vermiş partlayış faktı əsasında cinayət işi açılıb, hadisənin bütün təfərrüatı istintaq orqanları tərəfindən araşdırılır.
Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə qoşunlarının polkovnik-leytenantına məxsus nəqliyyat vasitəsinə kustar üsulla hazırlanmış bomba yerləşdirən şəxslə bağlı təfərrüat bəlli olub. Müəyyən edilib ki, hadisəni həyata keçirməkdə şübhəli sayılan şəxsin Rusiya vətəndaşlığı olan 24 yaşlı bir qadındır.
Bu barədə Oxu.Az "Fontanka"ya istinadən xəbər verir.
İlkin məlumatlara əsasən, bir neçə ay əvvəl şübhəli qadınla naməlum şəxslər əlaqə qurub, ardınca isə bu işə Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri də qoşulublar.
Uzunmüddətli psixoloji təsirdən sonra onu avtomobilin altına partlayıcı qurğu yerləşdirməyə inandırıblar. Rusiya vətəndaşı olan qadın Sankt-Peterburqa uçaraq Şuşaraya gedib və Slavyankada hədəfdə olan avtomobili tapıb. Partlayıcı qurğunu quraşdırdıqdan sonra o, vaxt itirmədən Pulkovo hava limanına yollanaraq oradan Türkiyəyə uçub. Hüquq-mühafizə orqanlarının əməkdaşları türkiyəli həmkarları ilə əlaqə saxlasalar da, onlara şübhəli şəxsin artıq ölkəni tərk etdiyi bildirilib. Şübhəlinin növbəti istiqamətinin Moldova paytaxtı Kişineu olduğu aşkar edilib.
Qeyd edək ki, Kolpino şosesindəki avtomobil avqustun 27-də səhər saatlarında partladılıb. Hadisə anında maşında iki nəfər olub. Partlayış dalğası hər iki şəxsin ayaqlarını qoparıb. Kişi hadisə yerindəcə həyatını itirib. Mərhumun Rusiya Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı olduğu və hava hücumundan müdafiə sisteminə bilavasitə aidiyyəti olduğu bildirilir. İlkin ehtimallara görə, onun yanında həyat yoldaşı olub və hazırda həkimlər onun həyatını xilas etməyə çalışırlar. Sankt-Peterburqun İstintaq Komitəsi həlak olan şəxsin hərbçi olduğunu təsdiqləyib.