ABŞ-ın Rusiya generallarının Ukraynanın şərqində hərbi əməliyyatlarda iştirak etmələri barədə sübutları var.
Bu barədə ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payett telekanallardan birinin efirində bildirib, Oxu.Az Azadlıq Radiosuna istinadən xəbər verir.
“Biz hesab edirik ki, Rusiya generalları Donbasdakı münaqişədə iştirak edir və bu ərazidə taktiki hərbi əməliyyatlara rəhbərliyi həyata keçirirlər. Biz bilirik ki, Rusiya yer-yer tipli raketlərin hədəfə yönəldilməsi üçün müasir elektron sistemlərdən istifadə edir”, - deyə, səfir qeyd edib.
“Biz bilirik ki, Rusiya ordusunun nizami hissələri Debaltsevonun ələ keçirilməsində, Minsk sazişlərinin qüvvəyə minməsindən sonra davam edən hərbi əməliyyatlarda iştirak ediblər. Rusiya sakitlik elan edildiyi vaxtdan – dekabrdan yüzlərlə ağır silah tədarük edib”, - deyə, amerikalı diplomat vurğulayıb.
O bildirib ki, “bu münaqişəni bir telefon zəngi – prezident Putinin zəngi dayandıra bilər”.
Öz növbəmizdə qeyd edək ki, Rusiya Ukraynanın şərqində münaqişədə iştirakını təkzib edir.