Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Şimal axını”nda sızma olan yerin yanından hadisədən əvvəl iki sirli gəmi keçib
Baltik dənizində “Şimal axını-2” boru kəmərində qaz sızması aşkar edilməzdən bir neçə gün əvvəl iki böyük gəmi hadisə yerinin yaxınlığından keçib.
Gəmilərin izləmə sistemləri söndürülmüş vəziyyətdə olub.
“SpaceKnow” peyk məlumatlarının monitorinqi şirkətinin təhlilləri nəticəsində bu qənaətə gəlinib. Şirkətin verdiyi məlumata görə, hər birinin uzunluğu 95-130 metr olan iki “qaranlıq” gəmi “Şimal axını-2”də qazsızma nöqtəsindən bir neçə mil aralıdan keçib.
“Biz bir neçə “qaranlıq gəmi” aşkar etdik. Daha doğrusu, bizi maraqlandıran ərazidən keçən və kifayət qədər böyük ölçüdə bir neçə gəmi gördük. Onların mayakları söndürülmüşdü, yəni hərəkətləri barədə heç bir məlumat yox idi. Onlar yerləşdikləri yeri və ümumi məlumatları dünyadan gizlətməyə çalışırdılar”, - deyə “SpaceKnow”nun baş direktoru və həmtəsisçisi Cerri Yavorniski açıqlama verib.
Gəmilərin yerini müəyyən etmək üçün şirkət bu ərazinin 90 günlük arxiv peyk fotolarını tədqiq edib. Şirkət pulsuz və pullu xidmətlər də daxil olmaqla, çoxsaylı peyk sistemlərindən alınan fotoları təhlil edir.
“Bizim hərbi texnikanı aşkarlamağa imkan verən 38 xüsusi alqoritmimiz var”, - deyə Yavorniski qeyd edib. O həmçinin əlavə edib ki, “SpaceKnow” sistemi uçuş-enmə zolaqlarında xüsusi təyyarə modellərini müəyyən edə bilir.
Məlumat bir neçə peykdən alınan görüntülərin təhlili nəticəsində əldə edilib və çox güman ki, partlayışların səbəbləri ilə bağlı fərziyyələri bir az da gücləndirəcək.
Mənbə: “Wired”
Rəylər