Somalinin paytaxtında “Dayah” hotelinə “Aş-Şabab” ekstremist qruplaşmaşının hücumu nəticəsində ən azı 12 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Məlumata görə, bir saat fərqi ilə hotelin girişində iki güclü partlayış olub. Hücum edənlər hotelin təhlükəsizlik xidmətinin əməkdaşlarına atəş açıblar.
Qeyd edilir ki, terrorçuların hücumu zamanı binada Somali parlamentinin 20-yə yaxın üzvü olub, amma onlardan heç kim xəsarət almayıb.
11:57
Radikal islam “Aş-Şabab” qruplaşmasının yaraqlıları Somalinin paytaxtı Moqadişdə hotelə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli radioya istinadən “Reuters” agentliyi məlumat yayıb.
Çərşənbə günü səhər saatlarında hotelin darvazasına minalanmış avtomobil çırpılıb. Birinci partlayışdan sonra daha bir partlayış baş verib, bundan sonra yaraqlılar içəri daxil olaraq atəş açıblar. Ölənlər və yaralananlar barədə məlumat daxil olmayıb.
“Əl-Cazirə” kanalının məlumatına görə, yaraqlılar parlament binası yaxınlığında “Dayah” hotelinə hücum ediblər. Hoteldə adətən siyasətçilər, hakimiyyət orqanlarının nümayəndələri və iş adamları qalır.
11:07
Bir qrup yaraqlı Somalinin mərkəzində Moqadişdə hotelin ərazisinə hücum ediblər. Onların darvazalardan keçmək üçün partlayıcı olan avtomobildən istifadə etdikləri ehtimal edilir.
Oxu.Az xəbər verir ki, bu barədə yerli polis və şahidlərə istinadən “Reuters” məlumat yayıb.
N.O.
www.oxu.az