Üçqat Olimpiya çempionu, xokkey üzrə SSRİ millisinin və MOİK komandasının əfsanəvi baş məşqçisi Viktor Tixonov uzun sürən xəstəlikdən sonra 85 yaşında Moskvada dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə bazar ertəsi, noyabrın 24-də RİA Novosti bildirib. Oktyabr ayının ortalarından V.Tixonov evdə müalicə alırdı, vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yatırılan məşqçi orada vəfat edib.
“MOİK xokkey klubu onun vəfatından kədərləndiyini və dəfnlə bağlı bütün xərcləri öz üzərinə götürdüyünü bildirib. Hal-hazırda dəfn yeri və vida mərasiminin keçiriləcəyi məkan məlum deyil”, - MOİK xokkey klubunun baş direktoru İqor Yesmantoviç bildirib.
Viktor Tixonov 1977-ci ildən xokkey üzrə MOİK klubuna və SSRİ yığmasına rəhbərlik edib. Sərt məşqçi üslubu ilə tanınan V.Tixonovun rəhbərlik etdiyi MOİK 20 il ərzində 14 dəfə ölkə çempionu, 14 dəfə Avropa Çempionlar Kubokunun, 2 dəfə SSRİ Kubokunun qalibi olub.
SSRİ yığması isə V.Tixonovun rəhbərliyi altında xokkey üzrə 8 dünya çempionatında və 1978-1991-ci illərdə keçirilən bütün Avropa çempionatlarında birincilik qazanıb. 1980-ci ildə Moskvada keçirilən Olimpiada zamanı finalda gözlənilmədən ABŞ millisinə uduzan SSRİ yığmasının baş məşqçisi məhz V.Tixonov olub. 1994-cü ildə Rusiya millisi ilk dəfə olaraq Olimpiya mükafatı qazana bilmədiyi üçün o, baş məşqçi postundan istefa verib, lakin MOİK-in baş məşqçisi olaraq qalıb.
2003-cü ildə yenidən Rusiya millisini çalışdırmaq təklifini qəbul edən V.Tixonov 2004-cü ildə dünya çempionatındakı uğursuz çıxışdan sonra postunu tərk edib.