Suriya Demokratik Qüvvələri Hələbdəki hökumət mövqelərinə atəşi dayandırmağı əmr edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Ikhbariya" televiziya kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, SDQ və Suriya Müdafiə Nazirliyi şimal paytaxtındakı vəziyyəti həll etmək üçün razılığa gəliblər. Suriya hakimiyyəti şəhərdə atəşkəs elan edib.
Hələbdə Suriya Demokratik Qüvvələrinə aid silahlı qruplaşmalar Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrini pulemyotlar, qumbaraatanlar və minaatanlardan atəşə tutublar.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində xəsarət alanlar var. Ərazidə yanğın hadisələri və mülki şəxslərin kütləvi şəkildə köçü qeydə alınıb.
Suriya Müdafiə Nazirliyi yaraqlıların dövlət təhlükəsizlik qüvvələrinə və Suriya Ərəb Ordusuna hücum etdiyini bildirib. Ordu atəş nöqtələrinə cavab zərbələri endirir, əhalini qoruyur və şəhərdə asayişi bərpa edir.
Bildirilir ki, Hələbə əlavə Suriya ordusu bölmələri yerləşdirilib və şəhərdə vəziyyət gərgin olaraq qalır.
Bununla yanaşı, Türkiyə ordusu da Hələbə ağır silahlar yerləşdirir.