Avstraliyada "Tesla" avtomobilinin sürücüsü maşının ön şüşəsinə meteoritin çırpıldığını bildirib.
Oxu.Az-ın "Yahoo! News"a istinadən verdiyi xəbərə görə, həkim Endrü Melvill-Smit və həyat yoldaşı şosedə yenicə salondan götürdükləri "Tesla Model Y" avtomobili ilə saatda 110 km sürətlə hərəkət ediblər.
Qeyd olunur ki, hadisə baş verən gecə qaranlıq olub, lakin hava açıq idi. Avtomobilin ön şüşəsinə birdən nə isə çırpılıb və qəlpələr salonun içinə dağılıb.
"Sonra çox, çox güclü partlayış baş verdi. Avtomobilin bütün salonu sözün əsl mənasında şüşə qəlpələri ilə dolu idi. İçəri ağ tüstü ilə dolmuşdu və sanki maşın yanırmış kimi qoxu gəlirdi", - deyə Melvill-Smit bildirib.
Bildirilir ki, səsdən həkim və onun həyat yoldaşı təxminən 10 saniyəlik eşitmə qabiliyyətini itiriblər. Avtomobil pilotsuz idarəetmə sistemini aktivləşdirib və sürücünün iştirakı olmadan hərəkətini davam etdirib.
"Mən qəzaya düşdüyümüzü düşündüm, sonra ekrana baxdım və fikirləşdim: "Ah, biz hələ də gedirik..."
Dayandığımızda ön şüşədə böyük bir dəlik gördük", - deyə kişi əlavə edib.
Cənubi Avstraliya muzeyi araşdırma aparır. Geoloq Kiran Mini iddia edir ki, yanmış şüşə və avtomobilin üzərindəki zədələr həqiqətən meteoritin düşməsinə işarə edir.
"Hazırda məni buna ən çox inandıran şey, ön şüşəyə vuran cismin çox isti olmasıdır", - deyə o bildirib.
Lakin obyektin özü hələ də tapılmayıb.