Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Tramp yanından ayırmadığı mühafizəçisinə yüksək vəzifə verdi
ABŞ Prezidenti Donald Tramp Pensilvaniya ştatında seçki mitinqində sui-qəsdə cəhd zamanı onu qoruyan Şon Karranı Məxfi Xidmətin rəhbəri təyin edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Ağ Ev rəhbəri özünün "Truth Social" hesabında yazıb.
Tramp bildirib ki, Şon son bir neçə il ərzində onun ailəsini qoruyan böyük vətənpərvərdir.
"O, Pensilvaniya ştatının Batler şəhərində mənim həyatımı qatilin gülləsindən xilas etmək üçün öz həyatını riskə ataraq qorxmazlığını sübut etdi. Mən tam əminəm ki, Şon ABŞ Məxfi Xidmətini əvvəlkindən daha güclü edəcək", - deyə prezident qeyd edib.
Tramp xatırladıb ki, Karran 2001-ci ildə ABŞ Məxfi Xidmətində işə başlayaraq 23 illik hüquq-mühafizə təcrübəsinə malikdir.
"Şon Karranı Amerika Birləşmiş Ştatlarının Məxfi Xidmətinin növbəti direktoru təyin etmək mənim üçün böyük şərəfdir", - deyə o vurğulayıb.
Xatırladaq ki, 2024-cü il iyulun 13-də Batler şəhərində seçki mitinqində Trampa atəş açılıb. O, yüngül yaralanıb, qulağı zədələnib. Atəş açan - 20 yaşlı amerikalı Tomas Metyu Kruks Məxfi Xidmət əməkdaşları tərəfindən öldürülüb. Sui-qəsd cəhdindən sonra Kimberli Çitl xidmətin direktoru vəzifəsindən istefa verib. Onu müvəqqəti olaraq Ronald Rou əvəz edib.
Rəylər