ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə söhbəti 1 saat 15 dəqiqə davam edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.
O, telefon danışığının Trampın təşəbbüsü ilə təşkil edildiyini qeyd edib. Uşakov bildirib ki, Putin və Tramp müvəqqəti atəşkəsin yalnız Ukraynadakı münaqişəni uzadacağı barədə ümumilikdə oxşar fikirlərə malikdirlər.
Qeyd olunub ki, Tramp həll baxımından Ukrayna münaqişəsinin onun üçün ən çətin olduğunu etiraf edib. Liderlər xüsusi yaradılmış işçi qruplar çərçivəsində nizamlama üzərində işləməyə davam etmək təklifi ilə razılaşıblar. Bu qrupların parametrləri yanvarın əvvəlində açıqlanacaq.
Bundan başqa, bildirilib ki, tərəflər ABŞ-Rusiya iqtisadi əməkdaşlığının perspektivlərindən danışıblar. Putin və Tramp ABŞ prezidentinin ukraynalı həmkarı Zelenski ilə görüşündən sonra yenidən telefonla danışmaq barədə razılığa gəliblər.
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə çox məhsuldar telefon danışığı keçirdiyini bildirib.
Oxu.Az xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında yazıb.
Trampın sözlərinə görə, söhbət Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən əvvəl baş tutub. O əlavə edib ki, Zelenski ilə görüş Floridadakı Mar-a-Laqo iqamətgahında mətbuatın iştirakı ilə keçiriləcək.
Qeyd edək ki, ABŞ və Rusiya liderlərinin telefon danışığını Putinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.
Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı iki ay yarımdan sonra ilk və ilin əvvəlindən bəri doqquzuncu olub.