ABŞ prezidenti Donald Trampın böyük oğlu - kiçik Donald Tramp avqustun sonlarında Monqolustana ov səfəri edib. Ehtimallara görə, o, orada rusiyalı oliqarx Umar Kremlyovla birlikdə düşərgədə bir neçə gün keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə yerli bələdçilərin və məmurların ifadələri, uçuş məlumatları, sosial şəbəkə paylaşımları və açıq sənədlər əsasında səfərin təfərrüatlarını müəyyənləşdirən "Financial Times" nəşri məlumat yayıb.
Görüş avqust ayının sonunda baş tutub. Bildirilir ki, Kremlyov Qazaxıstandan çarter reysi ilə Monqolustanın paytaxtı Ulan-Batora uçub, oradan isə ölkənin qərb hissəsindəki kiçik Donald Trampın gəldiyi ov düşərgəsinə yollanıb.
Qeyd olunur ki, ABŞ sanksiyaları altında olan "Vosxod" vençur fondunun tərəfdaşı, rusiyalı iş adamı Artur Martirosov da Kremlyovla birlikdə səyahət edib.
Nəşrin məlumatına görə, kiçik Tramp və Kremlyov birlikdə iki gün keçiriblər, bundan sonra rusiyalı iş adamı Ulan-Batora qayıdıb. Səfərin yerli iştirakçılarından biri bildirib ki, hər iki şəxs kiçik Trampın düşərgəsində olduqları müddətdə birlikdə fotoşəkil çəkdirməkdən ehtiyat ediblər.
Kiçik Trampın mətbuat katibi qeyd edib ki, bu şəxslər arasında ovçuluq, balıqçılıq və təbiət qoynunda istirahətə olan ortaq maraq sayəsində şəxsi dostluq münasibətləri formalaşıb. Onun sözlərinə görə, sözügedən şəxsləri ovçuluq dairəsindən olan ortaq yaxınları tanış edib və aralarında heç bir işgüzar əlaqə yoxdur.
"Donald açıq şəkildə bildirdi ki, Umar ilə aralarında işgüzar yox, şəxsi dostluq münasibətləri var. Onların dostluğu böyük ölçüdə ovçuluq, balıqçılıq və təbiətdə istirahətə olan ortaq həvəsə əsaslanır. Bu ilin əvvəlində onların birlikdə ova getməsi heç kimi təəccübləndirməməlidir", - deyə mətbuat katibi vurğulayıb.
Eyni zamanda, əks-kəşfiyyat üzrə ekspertlər xəbərdarlıq edirlər ki, ABŞ prezidentinin ailə üzvlərinin Rusiya hakimiyyəti ilə əlaqəsi olan şəxslərlə təmasları milli təhlükəsizlik üçün risklər yarada bilər.
Trampın birinci səlahiyyət müddəti ərzində ABŞ Milli Təhlükəsizlik Şurasında əks-kəşfiyyat direktoru vəzifəsini tutan Qolden Triplett deyib:
"İnsanların ən təmiz niyyətlərə malik olub-olmamasının əslində heç bir əhəmiyyəti yoxdur. Rusiya təhlükəsizlik və kəşfiyyat xidmətləri kiminsə yüksək vəzifəli şəxslə münasibət saxladığını öyrənən kimi, bundan silah kimi istifadə etməyə çalışacaqlar".
Monqolustanda olduğu müddətdə kiçik Tramp həmçinin nəsli kəsilməkdə olan nadir altay arxarının (vəhşi qoyun) ovuna çıxıb və Monqolustan prezidenti Uxnaaqiyn Xurelsuxla görüşüb.

Qeyd edək ki, 43 yaşlı Kremlyov mənzil-qərargahı Lozannada yerləşən, beynəlxalq yarışların keçirilməsinə nəzarət edən, habelə bu idman növü üzrə qayda və standartları müəyyənləşdirən Beynəlxalq Boks Assosiasiyasının prezidentidir. Bundan əvvəl o, 2017-ci ildən etibarən Rusiya Boks Federasiyasına rəhbərlik edib.
