Türkiyənin Bursa və İstanbul şəhərlərində keçirilən birgə narkotik əməliyyatı zamanı 17 şübhəli həbs edilib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, əməliyyat zamanı külli miqdarda narkotik vasitə, eləcə də cinayət yolu ilə əldə edildiyi ehtimal olunan 583 800 Türkiyə lirəsi müsadirə olunub.
Gemlik Baş Prokurorluğunun koordinasiyası ilə Bursa İl Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə və Kəşfiyyat şöbələrinin əməkdaşları cinayətkar təşkilat yaratmaq və həmin təşkilat çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq ittihamları üzrə araşdırma aparıblar. İzləmə və texniki araşdırmalardan sonra oktyabrın 20-də əməliyyata başlanılıb.
Bursa şəhər mərkəzində beş, İstanbulda isə doqquz ünvanda, həmçinin həbsdə olan doqquz şübhəli ilə bağlı eyni vaxtda əməliyyat tədbirləri keçirilib. Əməliyyatlar zamanı ümumilikdə 22 nəfər saxlanılıb. Polis idarəsindəki prosedurlardan sonra məhkəməyə göndərilən şübhəlilərdən 17-si barəsində həbs qətimkan tədbiri seçilib.
Axtarışlar və istintaq çərçivəsində keçirilən beş ayrı əməliyyat zamanı ümumilikdə 11 kiloqram 601 qram sintetik kannabinoid (bonzai) xammalı, 1 kiloqram 595 qram kokain, sənədsiz tapança, 18 patron, tüfəng və narkotik ticarətindən əldə edildiyi ehtimal olunan 583 800 lirə nağd pul aşkarlanaraq götürülüb.