Bütün Türkiyə üzrə "Küçələr təhlükəsizlikdədir" əməliyyatları keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek "X" sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, sentyabrın 14-də 78 baş prokurorluğun koordinasiyası ilə 151 əməliyyat keçirilib, 2 594 şübhəli şəxsə qarşı hüquqi tədbirlərin görülməsinə başlanılıb.
"1 613 şübhəli saxlanılıb, 618 şübhəli şəxs barəsində isə həbs qətimkan tədbiri seçilib. Əməliyyatlarda jandarm və polis təşkilatlarımızdan 11 466 hüquq-mühafizə əməkdaşı iştirak edib", - deyə nazir əlavə edib.
Axtarışlar zamanı 199 ədəd odlu silah, 9 039 patron, iki ədəd əl qumbarası, 10 520 ədəd sintetik narkotik vasitə/narkotik həb və təxminən 37,25 kiloqram narkotik maddə müsadirə olunub. Cinayətkar təşkilatların maliyyə mənbələrini, aktivlərini və cinayət imkanlarını müəyyən etmək məqsədilə araşdırmalar aparılır. Bu fəaliyyət çərçivəsində əməliyyatların həcmi 26,9 milyard türk lirəsi (təxminən 940,53 milyon manat) təşkil edib.
"408 bank hesabı, 35 daşınmaz əmlak, 31 nəqliyyat vasitəsi və 10 şirkətin müsadirə olunması üçün tədbirlər görülüb. Gizlənən şübhəlilərin saxlanılması və təhqiqatın bütün aspektlərinin aydınlaşdırılması istiqamətində işlər diqqətlə davam etdirilir", - deyə nazir qeyd edib.