Türkiyənin cənubi-şərqində yanacaqdaşıyan maşının partlaması nəticəsində 80 nəfərə yaxın adam müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, RİA Novosti-yə şəhər meriyasından bildiriblər.
“Yolun Diyarbakır-Lice hissəsində yanacaqdaşıyan maşın çevrilib. Nəticədə partlayış baş verib. Ən azı 80 nəfər zərər çəkib. Hadisə yerinə təcili yardım maşınları və yanğınsöndürənlər gəlib. Zərərçəkənlər xəstəxanaya çatdırılıb”, - meriyanın məlumatında bildirilib.
CNN Türk telekanalının məlumatına görə sürücü idarəetməni itirib, yanacaqdaşıyan maşın aşaraq avtobus və avtomobillərin yolunu kəsib. Avtobus sərnişinləri sürücüyə köməyə tələsiblər, amma bu zaman güclü partlayış baş verib, dağılan yanacaq alışıb.
Atəş yaxınlıqda olan avtobus və avtomobillərə keçib.
Anadolu agentliyinin məlumatına əsasən zərərçəkənlərdən 20 nəfərin vəziyyəti olduqca ağırdır.