Kiyevin milis rəisi Aleksandr Tereşuk bəyan edib ki, Radanın binası qarşısında 100-ə yaxın asayiş keşikçisi xəsarət alıb. Oxu.Az bu barədə “112 Ukrayna”ya istinadən xəbər verir. “Partlayışdan sonra çoxlu qan var idi. Güclü partlayışa dair iki versiya var. Birincisi - bu əldədüzəlmə qumbara, ikincisi isə bu hərbi əl qumbarası olub. Hüquq-mühafizə orqanları bu faktı araşdırır”, - Tereşuk bildirib. Kiyevin meri Vitali Kliçko öz növbəsində bəyan edib ki, asayiş keşikçiləri arasında həlak olanlar var. “Məndə olan məlumata görə, Kiyev şəhərində asayişi qoruyanlardan həlak olanlar var. Milli qvardiya batalyonunun cavan uşaqları həlak olub”, - Kliçko jurnalistlərə bildirib.
16:35
Ukrayna parlamentinin (Ali Rada) binası yaxınlığında güclü partlayış baş verib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının 15 əməkdaşı yaralanıb.
Milislərə tüstü şaşkaları atırlar, meydan qatı tüstüyə bürünüb.
Qeyd edək ki, Ukrayna konstitusiyasında dəyişikliklərin qəbul edilməsinin əleyhinə çıxış edən, müxtəlif regionlardan olan üç mindən çox adam ölkə parlamentinin binası qarşısında piket keçirir.